11:04, 11 Oktyabr 2018 (Cümə axşamı) 137

Yoxlamalar qaydasında dəyişiliklə bağlı fərman

Yoxlamalar qaydasında dəyişiliklə bağlı fərman
Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında əsasnaməyə dəyişikliklər edilib.
 
AZƏRTAC yazır ki, prezident İlham Əliyevin imzaladığı fərmanda yenilik insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması hallarında sahibkarlıq sahəsində plandankənar (növbədənkənar) yoxlamaların təxirə salınmadan keçirilməsini təmin etmək zərurəti ilə əsaslandırılır.

Sənəddəki yeniliyə əsasən, Ədliyyə Nazirliyi reyestrin məlumat bazasının avtomatlaşdırılmış və fasiləsiz rejimdə fəaliyyətini təmin edir.

Başqa bir dəyişikliyə görə, təqdim edilmiş illik yoxlama planında nəzərdə tutulmamış yoxlamaların qeydiyyata alınması üçün hər bir yoxlama barədə məlumatlar yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti əsaslandırıldıqda dərhal yoxlayıcı orqanın rəhbəri və ya onun vəzifəsini icra edən şəxsin gücləndirilmiş elektron imzası ilə təsdiqlənərək informasiya sistemi vasitəsilə Ədliyyə Nazirliyinə təqdim edilir.

Dəyişən digər müddəalara əsasən, yoxlama aparılması üçün İqtisadiyyat Nazirliyinin razılığı tələb olunduğu halda məlumatlar yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti əsaslandırıldıqda dərhal informasiya sistemi vasitəsilə İqtisadiyyat Nazirliyinə təqdim edilir. İqtisadiyyat Nazirliyi təqdim olunmuş materialları dərhal təhlil edir və yoxlamanın keçirilməsinə razılıq verilib-verilməməsi barədə məlumatı teyestrdə yerləşdirir. Yoxlama dərhal qeydiyyata alınır, reyestrdən çıxarış onlayn rejimdə təqdim olunur.

2015-ci il noyabrın 1-dən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılıb. Ötən il oktyabrın 31-də yoxlamaların dayandırılması müddəti 2021-ci il yanvarın 1-dək uzadılıb.

Vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə yoxlamalar, korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Baş Prokurorluğun apardığı yoxlamalar istisnadır.