16:23, 08 Aprel 2019 (Bazar ertəsi) 529

Rasim Qaraca: "Tərcümə sahəsində ciddi boşluq var"

Rasim Qaraca:
Dünya sivilizasiyasından kənarda qalmamaq üçün tərcümə əsərlərinin olması mühümdür. 

Bəs bu gün Azərbaycan dilinə tərcümə olunmuş əsərlərdə hansı əksikliklər var? 

Ümumiyyətlə, tərcümələrin səviyyəsini uğurlu hesab etmək olarmı?

"Alatoran Yayınları”nın rəhbəri, şair Rasim Qaraca Toplum.tv-yə deyib ki, tərcümə sahəsində ciddi problemlər mövcuddur. 

Rasim Qaracanın sözlərinə görə, ədəbiyyat və yazıçı münasibətlərində Sovet dövründən qalma ənənələrin yenilənməsi və demokratik modellərin Azərbaycana gətirilməsi sahəsində fəaliyyətlər gözə çarpır. 

R. Qaraca özü də hekayə, şeir və tənqidi məqalələr yazdığını, tərcümə ilə məşğul olduğunu deyir.

O, yaradıcılığında ənənəvi üslubdan imtina etdiyini, ədəbi eksperimentləri ilə tanındığını bildirir: "Ümumiyyətlə, biz tərcümə məsələlərində geri qalmışıq. Bir çox əsərlərin, klassik və müasir xarici ədəbiyyatın Azərbaycan dilinə tərcümə olunması məsələsində gecikmişik. Amma son dövrlərdə bir neçə nəşriyyat intensiv olaraq kitabların tərcüməsi ilə məşğuldur. Ön sırada ” Qanun” nəşriyyatıdır. ”TEAS Press” kimi ciddi fəaliyyət göstərən və bir də bizim kimi kiçik nəşriyyatlar var ki, bu sahəyə öz töhfəmizi veririk. "Şərq və Qərb”  nəşriyyatını da yaddan çıxarmaq olmaz. Bir çox cəbhədən tərcümə problemi çözülməkdədir".

Onun sözlərinə görə, elmi ədəbiyyatların tərcüməsində də boşluqlar var: "Biz, adətən, tərcümə deyəndə, bədii ədəbiyyatı nəzərdə tuturuq. Amma istər fəlsəfə, istər psixologiya, sosiologiya və dəqiq elmlər sahəsində bir çox boşluqlar var. Məsələn, bədii ədəbiyyat sahəsində təməl kitablar demək olar ki, tərcümə olunub. Xüsusən dövlət sifarişi ilə 150 cild dünya ədəbiyyatı nümunəsi tərcümə olunub. Nobel mükafatı almış əsərlər, klassiklər və müasir dünya yazarlarının ən məşhur nümunələri bu fərmanla baglı olaraq dilimizə çevrilib. Lakin elmi ədəbiyyatın tərcüməsi sahəsində böyük boşluqlar var. Məsələn, bir nümunə göstərə bilərəm. Bizim bir dostumuz - Araz Zeyniyev bir layihəyə başlayıb. "Campbell Biologiya" deyə bir kitab var. Bu kitab biologiya elmi sahəsində təməl kitabdır. Bizdə fakültələrdə tədris olunan ədəbiyyat çox köhnədir. Müasir elmi nailiyyətlər bizim dilimizdə tədris olunan kitablarda əks olunmayıb. Dostum öz qrupu ilə birlikdə bu əsəri  tərcümə etməyə başlayıb. Amma bu nəhəng bir kitabdır - 1500 səhifəlik. İllüstrativ materialla zəngindir. Bunun tərcümə edilməsi,  dizaynı, redaktə olunması böyük zəhmət və vəsait tələb edir. Amma bu adamlar könüllü şəkildə, əlbəttə, ianə toplamaqla bu layihəni gerçəkləşdirməyə çalışırlar". 

"Könül istərdi ki, bu sifariş dövlət tərəfindən olardı və ya hər hansı bir universitet tərəfindən. Təkcə bu kitabın elektron variantının başa gəlməsi üçün səhv etmirəmsə, 75 000 manat məbləğində pul lazımdır - tərcüməsinə, "edit"inə və dizayn işlərinə. Təkcə biologiya sahəsində onlarca kitab var, bəlkə, yüzlərcə də deyə bilərik. Bundan əlavə tibb və digər elm sahələrində də bu boşluqlar özünü göstərir. Elmi ədəbiyyat yox dərəcəsindədir, varsa da, köhnədir. Tələbələr məcburən türk dilində və ya rus, ingilis dillərindən istifadə edərək öz biliklərini artırmaq məcburiyyətində qalırlar. Dediyim kimi, bədii ədəbiyyat sahəsində ciddi problem yoxdur. Lakin elmi ədəbiyyata bunu aid etmək olmaz", - Rasim Qaraca bildirib. 

O deyir ki, sovet dövründə tərcümə sahəsi dövlət nəzarətində olub: "Xüsusi dövlət nəşriyyatları var idi. Orada redaktorlar,qruplar fəaliyyət göstərirdi. Kitablar çox ciddi şəkildə  tərcümə və redaktə olunurdu. Amma müstəqillik dövründə boşluq o qədər böyük idi ki, tələsik bir çox işlər görüldü. Bir çox tərcümələr qaneedici səviyyədə deyil. İstər "Qanun” nəşriyyatının olsun, istər digər nəşriyyatlar həmçinin bizim özümüzdə də. İlk başlayanda bizdə tələsik bəzi işlər görmüşük. Amma getdikcə bu nöqsanları aradan qaldırmağa çalışırıq. Çünki oxuculardan gələn reaksiyalar,tənqidlər onu göstərir ki,yəni bu cür çalışmanın heç bir perspektivi yoxdur. Nəticədə hansı kitabın yaxşı tərcümə olunub olunmadığını oxucular bir -birindən öyrənirlər. Bu nəşriyyatın  ziyanına işləmiş olur, həmçinin öz oxucu kütləmizi itiririk. Artıq təcrübəyə dayanaraq nöqsanları aradan qaldırmağa çalışırıq. İlk başlarda bu bütün nəşriyyatlarda olub, lakin bu mərhələ artıq arxada qalıb - 2000-ci illərin əvvəllərində. İndi də var, əlbəttə, amma hamısı haqqında demək olmaz, konkret kitab haqqında demək olar".

"Kitabların qiyməti ümumi olaraq dünya standartları ilə müqayisə də xeyli aşağıdır. Lakin oxucuların gəlir səviyyəsi də aşağı olduğuna görə biraz balans pozulur. Hər hansı bir müəllifin kitabının qiyməti  Almaniyada 25 avrodur. Amma biz burada onu 10 manata satırıq. Müqayisə etsək, beş dəfə daha ucuz satılır. Amma gəlir səviyyəsini, həmçinin kitab oxucularının əksərən tələbə və ya kasıb təbəqə olduğunu nəzərə alsaq, oxucu kütləsinin cibinə uyğun deyil", - deyir. 

Oxucu Əhədli Türkan isə deyir ki, tərcümə olunmadığına görə mütaliə edə bilmədiyi kitablar var:
 
"Tərcümələrin səviyyəsinə gəldikdə isə uğurlu  hesab etmək olmaz. Oşonun "Meditasiya” kitabının Türk və Azərbaycan dilində olan  nəşrlərinə diqqət yetirsək, çox böyük fərqlər olduğunu görə bilərik. Sırf tərcümələrin vəziyyətinə görə, kitabı oxumaq istəməyən insanlar tanıyıram. Kitabların qiyməti isə bəziləri munasibdir,bəziləri isə çox bahadır. Türkiyədən kitab sifariş etmişdim 5 manat xərcim çıxdı, halbuki eyni kitab burada 12 manat idi. 7 manat fərq vardı. Bu nə deməkdir? Məncə, burada dövlətin və ya hansısa qurumun günahı yoxdur. Kitab evləri ilə bağlıdır. Çünki özlərinə sərf edən tərzdə qiymətlər müəyyənləşdirirlər". 

Digər oxucu Allahverdiyev Kənan isə bildirib ki, rusdilli ədəbiyyatların tərcüməsində də problemlər yaşanır:

"Rus dilində tərcüməsi olmadığına görə oxuya bilmədiyim kitablar çoxdur. Misal olaraq, Ç.Abdullayevin əsərlərini  göstərə bilərəm. Tərcümələrdə isə əsərlərin lakonikliyi özünü qorumur. Mən bu gün oxucu kimi istədiyim kitabı almağa gəlmişəm, lakin təcüməsi yoxdur, türk dilində var. Məcburam türk dilini öyrənim. Belə olanda da öz dilim yadımdan çıxır. Tərcümələr hərfi yox, izahlı olmalıdır. Dan Brown "Başlanğıc” əsəri türk dilində bir başqadır, öz dilimizdə başqa. ”İtirilmiş simvol” da həmçinin rus dilində bir başqadır, bizdə isə daha fərqli. Kitab oxumaq üçün digər dilləri öyrənməyə məcburam. Öz dilimin zənginliyini itirirəm, fikrimi Azərbaycan dilində səlis ifadə edə biləcəyim halda, bir çox sözləri türk dilində deyirəm. Çünki öz sözlərimiz yadımdan çıxır. Mən aşbazam. Azərbaycanda aşbazlıqla bağlı kitab demək olar ki, yoxdur. Qiymətlər həddindən artıq bahadır. Oxuyan var, lakin oxumaq üçün şərait yoxdur”.

"Tərcüməsi olmadığından oxuya bilmədiyim kitabların sayı həddindən artıq çoxdur. Daha çox siyasi, tarixi kitablar oxuyuram. Deyə bilərəm ki, siyasət və tarixi kitabların əksəriyyətinin tərcüməsi yoxdur. Məsələn, ən məşhur əsərlərdən biri - "Sivilizasiyaların toqquşması” kitabının Azərbaycan dilində tərcüməsi yoxdur", - bunu isə oxucu Şərifli Yunis deyir. 

O hesab edir ki, hazırda ”TEAS Press” tərcümələri keyfiyyətli olur: "”Qanun” nəsriyyatı tərcümələri yaxşı deyil. Çünki terminlərdən çox istifadə olunur və hərfi tərcümə edirlər. Uyğunluq, ardıcıllıq olmur tərcümlərdə. Amma "Qanun” nəşrlərinin son tərcümələri yaxşıdır. Kitabların qiyməti isə bahadır. Hətta bəzən olur ki, Türkiyədən gələn kitabların qiməti bizim kitablardan daha yaxşı olur”.

Saray Cəlilova
Toplum.Tv