15:15, 10 Oktyabr 2018 (Çərşənbə) 254

Məmməd İbrahim ev dustaqlığına buraxılmayıb

Məmməd İbrahim ev dustaqlığına buraxılmayıb
Oktyabrın 10-da Yasamal Rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin ev dustaqlığına buraxılması, yaxud da 5 min manat girov müqabilində azadlıqda qalması üçün məhkəməyə verilən vəsatətinə baxılıb.

Vəsatət təmin edilməyib.

Məhkəmədə Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin müstəntiqi və M.İbrahim özü də iştirak edib.

M.İbrahimin oğlu Turan İbrahim bildirib ki, qərardan apelyasiya şikayəti veriləcək: "Oğlu bildirir ki, M.İbrahimin səhhətində problemlər var. T.İbrahimin sözlərinə görə, atası saxlandığı 1 Saylı Bakı İstintaq Təcridxanasında vəkiliylə görüşdə dayana bilməyib, söhbəti yarımçıq dayandırıb getmək məcburiyyətində qalıb".

Məmməd İbrahim 2015-ci il sentyabrın 30-da həbs edilib, xuliqanlıq ittihamı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. O, hüquq müdafiəçiləri tərəfindən "siyasi məhbus" kimi tanınıb.

Bir neçə gün əvvəl, həbs cəzasının başa çatmasına bir gün qalmış ona qarşı qadağan edilmiş əşyanın (kəsici-deşici alət) qanunsuz saxlanması ittihamı irəli sürülüb, bu maddə ilə o, 6 aya qədər azadlıqdan məhrum edilə bilər.

Sentyabrın 28-də Yasamal rayon Məhkəməsi İbrahim barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib.

M.İbrahim üç illik cəzasını başa vurub azadlığa çıxmasına iki gün qalmış onun haqqında yeni cinayət işi başlanıb. 

Turan