16:22, 18 Sentyabr 2018 (Çərşənbə axşamı) 350

"Lukoil" hüquq müdafiəçisini məhkəməyə verib

"Lukoil-Azerbaijan" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovu məhkəməyə verdiyi bildirilir.

"Turan" agentliyinin xəbərinə görə, şirkət 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib.

Xəbərə görə, iddia ərizəsində vurğulanır ki, Azərbaycanın bəzi media qurumlarında «Lukoil»un Bakıdakı yanacaq doldurma məntəqələrində alıcıların aldadılması, nəqliyyat vasitələrinə pulu ödənilən həcmdən az yanacaq vurulması barədə yazılar dərc edilib. Sözügedən yazılarda isə Azad İstehlakçılar Birliyinin məlumatlarına istinad edildiyi bildirilir.

"Lukoil-Azerbaijan"ın Azad İstehlakçılar Birliyindən sözügedən məqalələrdəki iddiaları təkzib etməsi və 5 min manat təzminat ödəməsini tələb etdiyi vurğulanır.

Agentliyin xəbərinə görə, Azad İstehlakçılar Birliyinin sədri Ə.Hüseynov isə açıqlamasında iddia ilə razılaşmadığını, təkzib niyyətində olmadığını ifadə edib.

"Mənə maraqlıdır Azərbaycan məhkəməsi kimin tərəfini tutacaq: nüfuzlu şirkətin, yoxsa istehlakçıların maraqlarını qoruyan ictimai təşkilatın...", - Hüseynov iddianı şərh edərkən belə deyib.