20:03, 08 Noyabr 2018 (Cümə axşamı) 528

"Əlilləri dəyişmək daha asandır, nəinki cəmiyyəti..." - (Mənim hekayəm)

25 yaşlı Cəmilə Məmmədli hələ uşaq ikən onurğa sütununda problemlər yaşamağa başlayıb. 

Ailəsi onu Rusiyaya müalicə üçün aparsa da, artıq gec olub. Nəticədə 20 ilə yaxındır ki, əlil arabasında həyatına davam edir. 
 
 

O özünə əlil deyilməsindən narahat deyil, əksinə insanlar həddindən artıq həssas yanaşması onu narahat edir:
 
"Orta məktəb təhsilimi evdə alıb, cəmi üç fənn keçsəm də, həmişə dil öyrənmək istəmişəm. Rayonda mənim üçün sosial həyat demək olar ki, yox idi. Mən də alt yazılı filmlərə baxıb, ingilis dili öyrənməyə başladım. Asudə vaxtım o qədər çox olurdu ki, dili öyrənmək üçün hətta filmlərə pulsuz altyazılar tərcümə edirdim. "Facebook”dakı kitab qruplarında pulsuz kitab tərcümələri eləməyə başladım. İki-üç il belə pulsuz işlədim. Və nəhayət, bir nəşriyyatdan iş təklifi gəldi. İllərlə üzərimdə işləməyin bəhrəsini görməyə başlamışam. Hərçənd ki, bizdə çox vaxt pulsuz işləməyə hamballıq kimi baxırlar, amma işi öyrənmək və özünü yetişdirmək üçün bu, labüddür. Hər nə qədər yazar kimi çalışmaq istəsəm də, hamı bilir ki, bu sahədə maddi cəhətdən özünü təmin etmək mümkün deyil. Ona görə də yazı yazmaqla paralel, ədəbi tərcümələr də edirəm. Ümumiyyətlə, yeni dil öyrənmək mənim üçün hobbi halına cevrilib”.

"Ali təhsil insanı çox məsələdə irəli aparır, amma o, tək meyar deyil”
 
 

Cəmilə artıq bir ildir ki, özünü maddi cəhətdən tam təmin edir: "Artıq 25 yaşım var və ailəmdən asılı olmaq istəmirəm. Ancaq maraqlısı budur ki, insanlara "mən işləyirəm” deyəndə təəccüblərini gizlədə bilmirlər. Hətta necə işlədiyimi soruşurlar. Bax onda qürurla deyirəm ki, mən başqaları kimi tənbəl deyiləm, öz həyatımı özüm qazanmaq istəyirəm. Ali təhsil insanı çox məsələdə irəli aparır, amma o tək meyar deyil.  Əlillərin cəmiyyətə inteqrasiyası üçün tez-tez tədbirlər keçirilir. Amma bu tədbirlərin heç bir faydası olmur. Çünki həmişə eyni insanlar gəlir və bizim yeni insanlara çıxışımız olmur”.

"Əlilləri dəyişmək daha asandır, nəinki cəmiyyəti”

"Bütün cəmiyyəti birdən-birə dəyişdirmək çətindir. Əlilləri dəyişdirmək isə daha asan və faydalıdır. Mənim tanıdığım əlil insanların çoxunda belə bir düşüncə var ki, dövlət mənə baxsın. Heç birində "mən özümə baxım” fikri formalaşmayıb. Bəzən valideynlərim də deyir ki, filan şeyi istə, onu tələb elə, başqaları istəyir sən də istə. Mən isə bunları özüm əldə etmək istəyirəm. Mənə deyirlər ki, maşın tələb elə, ev istə. Amma mən bilirəm ki, bunları özüm əldə eləyə biləcək qabiliyyətdəyəm. Mənim özümə arxayınlığım verəcəkləri evdən daha dəyərlidir axı. Çünki o ev əvvəl-axır əlimdən çıxacaq, amma özümə bir dəfə inandımsa, çətin ki, o inamımı bir də kimsə qıra bilsin. Bir insan başqalarından nəsə gözləyəndə artıq ona öyrəşir, daha artığını istəyir. Dövlət əlillərin qarşısına kiçik vəzifə qoysa ki, bunu et, qarşılığında bunu verim, o zaman əlil insanlar verməyi də öyrənər, təkcə almağı yox. Cəmiyyət əlilləri almağa öyrəşdirir, verməyə yox. Bu da bizim cəmiyyətə çıxışımıza əngəl olur. Bir növ arxayınlıq yaradır. Halbuki, hər birimizə müəyyən iş qarşılığında nəsə verməyə başlasa, biz də bunu əldə etmək üçün özümüzdə güc taparıq”, - deyir Cəmilə Məmmədli. 

O, başqa əlillərin də özü kimi iqtisadi azadlığının olmasını istəyir.

"Şişirdilmiş qayğı əvəzinə, normal rəftar daha səmimi olur”

Gənc yazarın artıq bir kitabı da işıq üzü görüb. O, insanları yaxşı mənada təəccübləndirməyi sevir:
 
"Yeni insanla tanış olanda çox vaxt söz arasında işlədiyimi vurğulayıram ki, onunla eyni olduğumu anlaya bilsin. Yenə də elələri olur ki, evdən işləməyin həqiqi iş ola biləcəyini anlamaq istəmirlər.  Məndən evlisən, nişanlısan, ya subaysan deyə soruşanlar ancaq uşaqlar olub. Çünki onların beyni hələ təmizdir, qərəzli deyillər. Böyüklər isə bizi ,ümumiyyətlə, qadın kimi görmürlər. Onlar üçün bu tabudur, heç vaxt ola bilməz. Halbuki, mənim də münasibətim olub və bu, heç də qeyri-adi bir hal deyil. Anam özü də ağlına gətirmir ki, Cəmilənin sevgilisi ola bilər. Amma belə bir hal olub, ola da bilər”.
 
 

"Axı mənim problemim sadəcə ayağımdadır, ünsiyyət və düşünmə problemim yoxdur”

"İnsanlar çox vaxt elə bilirlər ki, yaşım azdır. Balaca görünürəm deyə əqli problemim olduğunu düşünənlər də olur. Hətta mən 11-ci sinifdə oxuyanda soruşmuşdular ki, sən yazıb-oxumağı bilirsən? Mən isə cavabında dedim ki, artıq ingilis dilində yazıb, oxumağı bilirəm.  İnsanlar çox vaxt mənimlə mehriban davranmağa çalışırlar. Demirəm ki, bu pisdir. Amma əksər vaxtlarda hiss edirəm ki, onlar düşünür, mən onlardan daha çətin vəziyyətdəyəm və həmişə köməyə ehtiyacım var. Şişirdilmiş qayğı və diqqətin əvəzində, mənimlə başqaları ilə davrandıqları kimi davrananda daha səmimi gəlir. Axı mənim problemim sadəcə ayağımdadır, ünsiyyət və düşünmə problemim yoxdur. Mənimlə ilk dəfə ünsiyyətdə olanların şişirdilmiş mehribanlığını başa düşürəm, amma artıq bir neçə dəfə məni görən adamın yenə eyni rəftar etməsi yaxşı hal deyil, bu, artıq eqoizmdir”.
 
 

Kənddə böyüyən Cəmilə üçün bu mühit daha rahat və səmimi gəlir. O düşünür ki, kənddəki insanlar əlillərə qarşı daha həssasdır, şəhərdə yaşayanlar isə bəzən onları görməzdən gəlir:
 
"Göyçayda yaşayanda mənim üçün həyat daha asan idi. Çünki demək olar ki, kəndimizdə, hətta qonşu kəndlərdə məni tanımayan adam yox idi. Hara getsəm, mehriban münasibət görmüşəm. Hətta elə çevrədə mənə daha normal yanaşırdılar. Şəhərə gələndən sonra isə bu məsələdə ciddi çətinliklər çəkməyə başladım. Bəzən insanlar məni görməzdən gəlir. Bax, onda mən onları heç cür anlaya bilmirəm. Mən Bakını sevmirəm, burada insanlar daha məsafəli və fərqli insanlara qarşı önyarğılıdırlar. Mənim hekayəmin kuliminasiyası rayondan - konfort zonamdan çıxmağım oldu. Bundan sonra mən insanlarla birbaşa kommunikasiyaya rahat girə bildim. Dövlət bizim üçün hər il eyni konsertləri təşkil etməkdənsə, cəmiyyətə birbaşa çıxışımızı təşviq etsin. Mən insanların içində evdəkindən daha rahat oluram. İstəyirəm ki, digər əlillər də, kiçik bir çevrə ilə yetinməsinlər, onlar da hamı kimi küçəyə rahat çıxıb, öz dostları ilə əylənə bilsinlər”.

Ofelya Ramilqızı
Toplum.Tv