14:29, 14 Noyabr 2018 (Çərşənbə) 297

Ekspert: "Din “cinin insanın içinə daxil olması”nı inkar edir"

Ekspert:
Noyabrın 12-si Şabran rayonunda yaşayan 25 yaşlı Murad Soltanov "cin çıxarma” prosesi zamanı döyülərək öldürülüb.

İlkin tədqiqatlar zamanı saxlanılanlar törətdikləri cinayət əməlini etiraf ediblər. 

Həmin şəxslərin sözlərinə görə, guya xalq təbabətindən istifadə olunmaqla Murad Soltanovun bədənindən şər qüvvələri çıxarırmışlar.

Sözsüz ki, gündəmdə olan bu xəbər vacib problemlərdən biri olan cəhalətlə mübarizə mövzusunu önə çıxarır.

Bəs müasir dövrdə cəhalətin qarşısını necə almaq olar?

21-ci əsrdə belə cahilliklərə yol verilməsinin səbəbləri nələrdir? 

" "Total informativ manipulyasiya” erası başlayır”

Filosof Müşfiq Şükürov Toplum.tv-yə bildirib ki, bir zamanlar cəhalətlə mübarizə kimi yaradılan  maarifçilik indi insanlara manipulyasiya vasitəsinə çevrilir: "Müasir dövrümüzdə qlobal olaraq  gedişat arzuolunmayan istiqamətdə gedir. "İnsan həyatı yaşaya biləcəyikmi?” sualı daha aktualdır. "Total informativ manipulyasiya” erası başlayır.  İndi cəhalətlə maarifçilik mübarizə aparmır. Maarifçilik özü də müəyyən mənada cəhalət, xurafat yayıcısına çevrilir. Xurafatı və cəhaləti  ancaq dinlə bağlamaq da doğru deyil”.
 
 

Filosof deyib ki, sivilizasiyada bütün nailiyyətlərə rəğmən pozitiv dəyişikliklər görmür: "Mədəniyyət kütləviləşir. Hollivud vampirlərdən, cinlərdən filmlər çəkir. İnsanların ən alt duyğularından pul qazanırlar. Açığı, nəyinsə düzələcəyinə ümidim yoxdur”. 

Kulturoloq, filosof Rəhman Bədəlov sualımızı ironiya ilə cavablandırıb:
 
 

"Məndə resept yoxdur. Kim deyir ki, biz 21-ci əsrda yaşayırıq? Təqvim? Məncə söhbəti burada dayandırmaq lazımdır”. 

"Cinin insan bədəninə daxil olması kimi fikirlər, sadəcə, xurafatdır”

Din xadimi Şahin Həsənli Toplum.tv-yə bildirib ki, cəhalətlə mübarizənin effektiv variantı insanları düzgün şəkildə maarifləndirməkdir: "Cəhalət həm inkişafın qarşısında maneədir, həm də dini dəyərlərin aşağı düşməsinə vasitədir. Ona görə də istənilən  əsrdə maarifləndirməyə böyük ehtiyac var”.
 
İlahiyyatçı deyib ki, ümumiyyətlə, cinin insan bədəninə daxil olması kimi absurd fikirlərin  dinlə heç bir əlaqəsi yoxdur: "İnsanlarda təəssüf ki, xurafata və mövhumata meyllilik var. Bəzən hər hansı bir sadə məsələdə insanlar mistik səbəblər axtarırlar. Əgər bir insan özünü narahat hiss edərsə, hər hansı bir ağrıdan əziyyət çəkərsə, həkimə, mütəxəssislərə  müraciət etməlidir. Yəni elmi yollarla müalicə olunmalıdır. Ən azından din bu yolu insanlara təklif edir. İslam dini "cinin insanın içinə daxil olması” məsələsini tam şəkildə inkar edir. Bu, sadəcə xurafatdır. Xurafat və mövhumat isə dinin düşmənidir. Çünki bunlar dini gözdən salmağa xidmət edir.  İnsanlar öz cahilliklərinin qurbanına çevrilirlər. Bəzi insanlar təəssüf ki,  insanların inanc  və saf hisslərindən sui-istifadə edirlər. Buna görə də ardıcıl tədbirlər görülməlidir.Bu kimi insanlar hüquqi müstəvidə  cinayət məsuliyyətinə cəlb edilməlidir. Eyni zamanda isə insanların üzərində maarifləndirmə işləri aparılmalıdır ki, belə fürsətcil insanların toruna düşməsinlər”.

Samirə Əliyeva
Toplum Tv