16:45, 17 Noyabr 2018 (Şənbə) 192

"Cəmil Həsənli və Əli Kərimli polisə aparılıb"- Milli Şura

17 noyabr Milli Dirçəliş günündə Şəhidlər Xiyabanını ziyarət etmək istəyən müxalifətçilərin saxlandığı bildirilir.

Bu haqda Demokratik Qüvvələrin Milli Şurası-ndan bildiriblər.

Məlumata görə, quruma üzv olan siyasi birliklərin üzvləri kütləvi şkildə bu gün, noyabrın 17-də ziyarət məqsədi ilə Şəhidlər Xiyabanının qarşısına toplaşıb. Ancaq əraziyə nəzarət edən hüquq mühafizə qurumlarının əməkdaşlarının onları xiyabana buraxmadığı deyilir.


Daha sonra ərziyə əlavə polis qüvvələrinin çağırıldığı, onlarla müxalifətçinins axlandığı bildirilir.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) fəalı Ruslan Qurbanlı da saxlandığını deyib. Onun bildirməsinə görə, 50-dən artıq müxalifətçi zorla avtobuslara doldurularaq Səbail Rayon Polis İdarəsinə aparılıb. Saxlananlar arasında AXCP səderi Əli Kərimlinin, Milli Şuranın sədri Cəmil Həsənlinin də olduğu bildirilir.

AXCP fəalının sözlərinə görə, sıravi müxalifətçilər hazırda idarənin həyətində saxlanılır.

Hələlik, Daxili İşlər Nazirliyi və rəsmi qurumlardan müxalifətçilərin saxlanması ilə bağlı deyilənlərə münasibət almaq mümkün olmayıb.


1988-ci il noyabrın 17-də Bakının Lenin, indiki Azadlıq meydanında Qarabağda baş verən hadisələrə etiraz olaraq mitinqlər başlayıb. O dövrün şahidlərinin bildirməsinə görə, Sovet İttifaqı və yerli partiya rəhbərliyinin məsələnin həllinə biganə yanaşması vətəndaşları daha da hiddətləndirdiyindən, az vaxt ərzində yüz minlərlə insan hərəkata qoşulub.

Fasiləsiz keçirilən mitinqlər dekabın 5-də sovet ordusunun zorakılığı ilə dağıdılıb.

1992-ci ildə 17 noyabr bayramlar sırasına salınıb və qeyri-iş günü elan edilib. Milli Dirçəliş günü Azərbaycanda dövlət səviyyəsində qeyd olunsa da, 2006-cı ilin dekabrında qanunvericiliyə edilmiş dəyişikliklərə görə, artıq qeyri-iş günü deyil.

Bu il həmin hərəkatın 30 ili tamam olur.

Azadlıq Radiosu