10:54, 09 Oktyabr 2018 (Çərşənbə axşamı) 714

"“Azadlığın məhdudlaşdırılması” cəzası yüngülləşdirici cəzadır" - Ələsgər Məmmədli

Cinayət Məcəlləsinin 147-ci (böhtan), 148-ci (təhqir) və 148-1-ci maddələrinin sanksiyalarına yeni cəza növü əlavə edilə bilər. 

Milli Məclisdə "Azadlığın məhdudlaşdırılması” cəzasının  əlavə edilməsi ilə bağlı təklif irəli sürülüb.

Təklifə münasibət bildirən hüquqşünas Ələsgər Məmmədlinin sözlərinə görə, ümumiyyətlə, Azərbaycanda diffamasiya qanunvericiliyi ilə bağlı ölkənin üzərinə götürdüyü öhdəliklər icra olunmur: "Azərbaycan Avropa Şurası və Avropa Məhkəməsi qərarlarının icrası aspektindən diffamasiyanın dekriminallaşması  ilə bağlı öhdəlik götürmüşdü. Hətta 2011-də ölkə prezidenti milli fəaliyyət proqramı həyata keçirmək üçün bu "Diffamasiya haqqında” qanunun  qəbulunu milli fəaliyyət proqramına salmışdı. Lakin bununla bağlı heç bir addım atılmadı. Bundan sonra isə ardıcıl olaraq Cinayət Məcəlləsində həm sanksiyalar ağırlaşdırıldı, həm də yeni maddə  əlavə olundu (sosial mediada anonim hesabdan böhtan və təhqir olarsa)”. 

Hüquqşünas deyib ki, indi baş verənlər mövcud normaları daha da sərtləşdirmir və mahiyyət, sadəcə, daha bir sanksiya əlavə etməkdir: "Amma bu ən ağır sanksiya deyil. Çünki azadlığın məhdudlaşdırılması, azadlıqdan məhrumetmə ilə nisbətdə daha yüngül sanksiyadır. Bu, hakimlərə manevr imkanı verir ki, həbsə göndərmədən müvəqqəti məhdudlaşdırıcı normalar tətbiq etsinlər. Bildiyiniz kimi, 2 ildir ki, Cinayət Məcəlləsinə yeni bir tendensiya gətirildi. Yəni azadlığın məhdudlaşdırılması cəzası əslində məhkumların, mühakimə edilmiş şəxslərin qollarına, ayaqlarına müəyyən pranqaların vurulması məsələsini, eyni zamanda onların eyni ərazidə qalması, ev həbsi məsələsi formasında da tətbiq edilə bilər.  Hökmən deyil ki, bu cəza hansısa cəzaçəkmə müəsisəsində həyata keçiriləcək. Çünki azadlığın məhdudlaşdırılması cəzaçəkmə müəsisəsindən kənarda məhdudlaşdırılma deməkdir. Yəni bu normalar hakimlərə alternativ imkanlar yaradacaq. Məsələn, Mehman Hüseynov birbaşa həbsə göndərilib, amma indiki halda onun azadlığı məhdudlaşdırıla bilər. Bu aspektdən baxanda, bu, daha yüngülləşdirici addımdır”. 

Ə. Məmmədli vurğulayıb ki, ümumi tendensiyaya baxanda, Cinayət Məcəlləsində söz və ifadə azadlığına qarşı hər hansı bir formada maddə qalırsa, cinayət əməli hesab edilib insanlar cəzalandırılırsa, bu, birmənalı olaraq Avropa İnsan Haqları Məhkəməsinin yuridiksiyası aspektindən ifadə azadlığının pozuntusu kimi qiymətləndiriləcək: "Bu baxımdan yaxşı olar ki, hökumət diffamasiya ilə bağlı qanun qəbul edərək bu maddələri Cinayət Məcəlləsindən çıxarsın”.
 
Mətbuat Şurasının İdarə Heyətinin üzvü Yadigar Məmmədli deyir ki, azadlıqdan məhrumetmə daha yumşaq cəza mexanizmidir:
 
 
"Bütövlükdə isə o fikirdə qalıram ki, Azərbaycanın Cinayət Məcəlləsindən bu maddələr götürülməlidir. Demək olar ki, tətbiq olunmur, amma yenə də diffamasiya ilə bağlı qanunun qəbul olunmasının tərəfdarıyam”.
 
Gülzar N. Məmmədli
Toplum TV